Aftandil Hacıyev: “Mübarizə aparmaq əzmindəyik”

Aftandil Hacıyev: “Mübarizə aparmaq əzmindəyik”

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 11-də, saat 20:00-da, “ASCO Arena”da keçiriləcək “Səbail” – “Universitatea Craiova” oyunöncəsi komandamızın baş məşqçisi Aftandil Hacıyevin iştirakı ilə bu gün mətbuat konfransı təşkil olunub:

“İlk öncə onu qeyd edim ki, bu gün Çempionlar Liqası və Avropa Liqası start götürür. İlk növbədə hamını futbol bayramı münasibəti ilə təbrik edirəm. Bütün klublara özümüzlə bahəm uğurlar arzulayıram. Mən hesab edirəm ki, komandamızın bu turnirdə iştirak etməsi bizim üçün böyük təcrübə olacaq və inanırıq ki, ən azından mübariz bir komanda kimi yaddaşlarda qalacağıq. Ən böyük məqsədimiz bizi dəstəkləyən azarkeşlərimizi sevindirmək olacaq, hansı ki, biz hər zaman onların dəstəyini hiss etmişik. Düşünürəm ki, sabah bizi maraqlı oyun gözləyir.
Rəqib komanda haqqında yalnız müsbət fikir söyləyə bilərəm. Həqiqətən də, püşkatmada bizə reytingi köklü bir komanda düşüb. Amma biz həvəsdən düşmürük və sonadək mübarizə aparmaq istəyindəyik və aparacağıq da. Düşünürəm ki, futbolçular meydanda az səhv etsələr, istədiyimiz oyunu nümayiş etdirə biləcəyik”.