“Səbail” Peşəkar Futbol Klubunun Misli Premyer Liqasının 2023/2024-cü illər mövsümün başlanması ilə yeni layihəyə start verməsi barədə məlumat vermişdik. Cari mövsümdə klubumuzun keçirdiyi hər ev oyunu ölkəmizin tarixi, görkəmli şəxsiyyətləri, mədəniyyət və incəsənəti ilə bağlı əlamətdar günlərə, həmçinin beynəlxalq səviyyədə qeyd olunan müəyyən tədbirlərə həsr olunmaqdadır. Beləliklə, Misli Premyer Liqasının 14-cü turu çərçivəsində noyabrın 25-də, saat 14:00-da, “ASCO Arena”da keçiriləcək “Səbail” - “Kəpəz” oyunu Qadın Zorakılığına Qarşı Mübarizə Gününə həsr ediləcək. Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən, hər il noyabr ayının 25-i bütün dünyada “Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü” elan edilmişdir. 2000-ci il 31 oktyabr tarixdə isə təşkilatın Təhlükəsizlik Şurası qadın, sülh və təhlükəsizlik məsələləri ilə bağlı qətnamə qəbul etmiş, qadın zorakılığına qarşı beynəlxalq mübarizənin gücləndirilməsi, həmçinin Minilliyin Deklarasiyasında əksini tapmışdır. Qadın hüquqlarına daim yüksək hörmətin mövcud olduğu Azərbaycan Respublikası da bu kampaniyaya ilk qoşulan ölkələrdən olmuş, bununla bağlı Milli Məclis 2006-cı il dekabrın 21-də xüsusi bəyanatla çıxış etmişdir.