AFFA tərəfindən təşkil olunan Gənclər Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub. “Səbail” PFK-nın 19 yaşadək futbolçulardan ibarət komandası cari mövsümü 2-ci pillədə tamamlayaraq gümüş medallara sahib çıxıb. Mirbağır İsayevin rəhbərlik etdiyi kollektiv mövsüm ərzində keçirdiyi 30 qarşılaşmada 20 qələbə, 5 heç-heçə və 5 məğlubiyyətə imza atıb. Futbolçularımız bu oyunlarda ümumilikdə 74 qol vurub və öz qapılarından 28 top buraxıb. “Səbail” PFK-nın U-19 komandasının üzvü Amir Qəribov isə vurduğu 33 qolla Gənclər Liqasının bombardiri olub. Bu gün AFFA-nın inzibati binasında liqanın mükafatlandırma mərasimi keçirilib. “Səbail” PFK-nın U-19 komandası gümüş medallarına qovuşub.