“Səbail” PFK Misli Premyer Liqasının 2023/2024-cü illər mövsümü üçün layihəsini davam etdirir. Cari mövsümdə klubumuzun keçirdiyi hər ev oyunu ölkəmizin tarixi, görkəmli şəxsiyyətləri, mədəniyyət və incəsənəti ilə bağlı əlamətdar günlərə, həmçinin beynəlxalq səviyyədə qeyd olunan müəyyən tədbirlərə həsr olunmaqdadır. Beləliklə, Misli Premyer Liqasının 23-cü turu çərçivəsində “ASCO Arena”da keçiriləcək “Səbail” - “Araz-Naxçıvan” oyunu Azərbaycanın görkəmli alimi, ölkəmizin elm tarixində misilsiz xidmətləri olan Nəsirəddin Tusinin anadan olmasının 823-cü ildönümünə həsr olunacaq. Məhəmməd ibn Həsən ət-Tusi 1201-ci il, 18 fevralda Tus şəhərində anandan olub. Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanıb. Onun qələmindən çıxan yüzdən artıq əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunmuşdu. Alim bu sahələrdə aparılmış 20-dən artıq uğurlu araşdırmanın müəllifidir. Riyaziyyatçı alimin ən məşhur əsərləri arasında "Şəklül-qita" ("Bütöv çoxtərəfli haqda risalə), "Came'ül-hesab" ("Lövhə və tozun köməyi ilə hesab toplusu"), "Dairənin ölçüsü", "Təhrir Öqlidis" ("Evklid "Başlanğıc"ının təsviri") kimi kitablar xüsusi yer tutur. Dörd hissədən ibarət "Zici-İlxani" ("İlxanilərin astronomik cədvəlləri") əsəri isə alimin adını dünya astronomiya tarixinə salmışdır. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır. Ensiklopedik alim Nəsirəddin Tusinin bir çox əsərləri dünyanın müxtəlif kitabxanalarında mövcuddur. Bunlara Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Qazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür. Tusi Şərq dünyasında etikaya dair "Əxlaqi-Nasiri" adlı məşhur əsəri ilə Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanmışdır.