“Səbail” Peşəkar Futbol Klubunun Misli Premyer Liqasının 2023/2024-cü illər mövsümün başlanması ilə yeni layihəyə start verməsi barədə məlumat vermişdik.
Cari mövsümdə klubumuzun keçirdiyi hər ev oyunu ölkəmizin tarixi, görkəmli şəxsiyyətləri, mədəniyyət və incəsənəti ilə bağlı əlamətdar günlərə, həmçinin beynəlxalq səviyyədə qeyd olunan müəyyən tədbirlərə həsr olunacaq.
Beləliklə, Misli Premyer Liqasının 8-ci turu çərçivəsində sentyabrın 30-da, saat 18:00-da, “ASCO Arena”da keçiriləcək “Səbail” - “Sabah” oyunu Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələri – bəstəkar Zülfüqar Hacıbəyov və xanəndə Səxavət Məmmədovun anım gününə həsr olunacaq.
Zülfüqar Hacıbəyov 17 aprel 1984-cü ildə Azərbaycan musiqsinin beşiyi sayılan Şuşa şəhərində anadan olub. Zülfüqar Hacıbəyov ilk Azərbaycan operettası – "50 yaşında cavan" (1910) əsərinin müəllifidir.
Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tbilisidə “Gürcü Zadəganları” Teatrında olmuşdur. Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda və Şuşada göstərilmişdir. Zülfüqar Hacıbəyovun əsərləri Azərbaycan musiqi sənətində mühüm rol oynamışdır. XX əsrin birinci rübündə məşhurlaşan "Kənd qızı", "Çoban qız" və "Əsgər nəğməsi" bəstəkarın ilk mahnıları sayılır. Zülfüqar Hacıbəyovun əsərləri Azərbaycan musiqi sənətində yeni yaradıcılıq formalarının meydana gəlməsi prosesini sürətləndirdi. “Evli ikən subay”, “11 yaşlı arvad və varlı” musiqili komediyaları və “Aşıq Qərib” operası Zülfüqar Hacıbəyova böyük şöhrət gətirdi. Musiqili Komediya Teatrının əsasını qoyan görkəmli sənət xadimlərindən biri kimi Z.Hacıbəyov respublikanın ictimai-mədəni həyatında da fəallıq göstərib. 1935-ci ildə oğlu, məşhur dirijor Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – “Almaz”a musiqi yazmışdır. Zülfüqar Hacıbəyov 30 sentyabr 1950-ci ildə dünyasını dəyişmişdir.
Azərbaycan musiqi mədəniyyətində bənzərsiz səsi ilə yaddaşlara iz qoymuş mərhum xanəndə Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. O, 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub. O, ustad xanəndə Hacıbaba Hüseynovun tələbəsi olub, ondan muğamın sirlərini öyrənib. 1976-cı ildə “Hümayun” xalq ansamblının solisti kimi səhnələrdə çıxış edib. 1983-1988-ci illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Səxavət Məmmədov “Qarabağ” instrumental ansamblının yaradıcısıdır. Səxavət Məmmədovun mahnıları bu gün nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində sevə-sevə dinlənilir. Onun ifasında “Ay bəri bax”, “Uca dağlar”, “Yar bizə qonaq gələcək”, “Ay çiçək”, “Sarı bülbül”, “Külək” mahnıları xüsusilə qeyd edilməlidir. Səxavət Məmmədovun ifa etdiyi “Azad bir quşdum” mahnısı sənətkarın vizit kartı olub. Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasında dünyasını dəyişmişdir.